çərşənbə 20 may 2026 - 23:33
Ayətullah Məkarim Şirazi bir çox kitab və risalə sahibidir

Ayətullah Cəfər Sübhani “yenilikçilik” xüsusiyyətinin Ayətullah Məkarim Şirazinin elmi fəaliyyətində ən mühüm cəhətlərdən biri olduğunu vurğulayaraq bildirib: Onun əsərlərinə nəzər saldıqda görürük ki, o, ömrünün hər ilinə uyğun olaraq bir kitab və ya risalə yadigar qoyub.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Cəfər Sübhani bu gün günorta saatlarında Qum şəhərində İslam Mədəniyyəti və Düşüncəsi Araşdırmalar İnstitutunun iclas salonunda keçirilən “Ayətullah Məkarim Şirazinin düşüncə külliyyatı” adlı əsərin təqdimat mərasiminə videomüraciət ünvanlayıb.

O, din alimlərinin anılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, alimlərin təqdir olunması gənc nəslin elmə və biliyə marağını artırır, eyni zamanda cəmiyyətdə elmin məqamının yüksəlməsinə səbəb olur.

Həzrət Ayətullah Sübhani Qurani-Kərimdə iman və elm əhlinin məqamının ucalığına dair ayəyə istinad edərək əlavə edib ki, Quranda məclislərdə alimlər üçün yer açılmasının tövsiyə olunması da elm və alim məqamının əzəmətini göstərir. Bu davranışlar cəmiyyətdə elmin nüfuzunun möhkəmlənməsinə xidmət edir.

Bu təqlid mərcəyi daha sonra Ayətullah Məkarim Şirazinin elmi həyatına toxunaraq bildirib ki, o, hicri-şəmsi 1305-ci ildə Şiraz şəhərində dünyaya gəlib. Təhsilinin ilkin mərhələsini həmin şəhərdə başa vurduqdan sonra gənc yaşlarında Qum Elmi Hövzəsinə daxil olub və Seyid Hüseyn Bürucerdi və Seyid Məhəmməd Mühəqqiq Damad kimi alimlərin dərslərindən faydalanıb.

O, bir müddət Nəcəf şəhərində də olub və Seyid Möhsin Həkim ilə Əbulqasim Xoyinin dərslərində iştirak edib. Daha sonra Quma qayıdaraq fiqh və üsul sahəsində təhsilini davam etdirib.

Cəfər Sübhani həmçinin Məhəmmədhüseyn Təbatəbainin fəlsəfə və kəlam sahəsindəki dərslərindən Nasir Məkarim Şirazinin faydalandığını qeyd edərək bildirib ki, o, təxminən beş il Əllamə Təbatəbainin dərslərində iştirak edib, hətta onun göstərişi ilə “Əl-Mizan” təfsirinin birinci cildini fars dilinə tərcümə edib.

O vurğulayıb ki, “yenilikçilik” Ayətullah Məkarim Şirazinin ən mühüm elmi xüsusiyyətlərindən biridir. Belə ki, yeni nəslin ehtiyaclarına uyğun şəkildə fars dilində etiqad mövzularına dair əsərlər yazması onun mühüm təşəbbüslərindən sayılır. Çünki mövcud mətnlərin əksəriyyəti ya ərəb dilində idi, ya da köhnə üslubda yazıldığı üçün müasir nəsil üçün istifadəyə yararlı deyildi.

Ayətullah Sübhani “Təfsiri-Nümunə”nin qələmə alınmasını da Ayətullah Məkarim Şirazinin mühüm xidmətlərindən biri kimi qiymətləndirib və bildirib ki, bu təfsir cəmiyyətin gənclərin gündəlik sual və ehtiyaclarına cavab verən sadə və anlaşıqlı farsdilli təfsirə ehtiyac duyduğu bir dövrdə redaktə olunub. Hazırda bu əsər ərəb dilinə də tərcümə edilib və tədqiqatçıların müraciət etdiyi mühüm mənbələrdən birinə çevrilib.

Ayətullah Cəfər Sübhani həmçinin Ayətullah Məkarim Şirazinin Elmi hövzəyə xidmətlərindən, o cümlədən dini məktəblərin təsis edilməsindən və İran İslam Respublikasının Konstitusiyasının yaranma prosesindəki rolundan danışaraq bildirib ki, bu fəaliyyətlər onun uzaqgörən baxışının və elmi-ictimai sahələrdə qalıcı xidmətlərinin göstəricisidir.

Ayətullah Cəfər Sübhani, Ayətullah Məkarim Şirazinin elmi fəaliyyətlərinə toxunaraq qeyd edib ki, onun çoxsaylı elmi əsərləri göstərir ki, ömrünün hər ilinə qarşılıq bir elmi irs yadigar qoyub və bu, ilahi bir tövfiqdir.

Çıxışının digər hissəsində Ayətullah Sübhani ali təqlid mərcələri və Elmi hövzənin böyük alimləri üçün uca Allahdan sağlamlıq və müvəffəqiyyət arzulayıb.

Cəfər Sübhaninin çıxışının tam mətni:
بسم الله الرحمن الرحیم

الحمدلله ربّ العالمین، و الصلاة و السلام علی خیر خلقه و آله الطاهرین، و لعنة الله علی أعدائهم أجمعین إلی یوم الدین.


Bağışlayan və mehriban Allahın adı ilə 

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salamı onun yaratdıqlarının ən xeyirlisi olan həzrət Məhəmmədə (ə) və pak Əhli-beytinə (ə) olsun. Allahın lənəti isə Qiyamət gününədək onların bütün düşmənlərinə olsun.

Hikmət sahibi olan Allah Qurani-Kərimdə buyurur:


«یا أَیُّهَا الَّذینَ آمَنُوا إِذا قیلَ لَکُمْ تَفَسَّحُوا فِی الْمَجالِسِ فَافْسَحُوا یَفْسَحِ اللَّهُ لَکُمْ وَ إِذا قیلَ انْشُزُوا فَانْشُزُوا یَرْفَعِ اللَّهُ الَّذینَ آمَنُوا مِنْکُمْ وَ الَّذینَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ وَ اللَّهُ بِما تَعْمَلُونَ خَبیرٌ».

Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.(Mucadilə surəsi, 11-ci ayə)

Mənim üçün böyük xoşbəxtlikdir ki, böyük bir müfəssirin və ali məqamlı fəqihin elmi şəxsiyyəti haqqında danışım. Əslində alimlərin hər hansı formada anılması və təqdir olunması çoxsaylı faydalara malikdir. Bunun ən mühüm təsirlərindən biri bugünkü nəslin elmə maraq göstərməsinə səbəb olmasıdır. Çünki gənclər alimlərə həm sağlığında, həm də vəfatından sonra belə ehtiram göstərildiyini gördükdə elm və biliyə daha çox rəğbət bəsləyirlər.

Əslində bu anım mərasimlərini təşkil edən şəxslər müəyyən mənada elmin və alimlərin məqamının təbliğində iştirak etmiş olurlar. Bu mübarək ayədə diqqətçəkən məqam budur ki, zahirdə kiçik görünən bir məsələni bəyan edir, lakin elm və alimlərlə bağlı olduğuna görə çox böyük əhəmiyyət daşıyır.

Allah-Taala buyurur: Əgər bir məclisdə oturmusunuzsa və məclis doludursa, həmin vaxt bir alim daxil olur və sizə yer açmaq deyilirsə, «فَافْسَحُوا» — yer açın. Əgər sizə qalxmaq deyilirsə, «فَانْشُزُوا» — qalxın. Nə üçün? Çünki «يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ» — Allah iman gətirənlərin və elm verilən şəxslərin məqamını yüksəldər.

Bu davranışlar cəmiyyətdə elm və alimin məqamının yüksəlməsinə səbəb olur. “Yərfəillah” (يَرْفَعِ اللَّهُ ) ifadəsi əslində həmin iki ilahi əmrin, yəni yer vermək və ayağa qalxmağın cavabıdır. Çünki bu davranışın nəticəsi cəmiyyətdə elmin məqamının ucalmasıdır. Zahirdə kiçik görünən bir məsələdir, lakin elm və alimlərlə bağlı olduğu üçün son dərəcə böyük və mühüm əhəmiyyətə malikdir.

Ayətullah Məkarim Şirazi hicri-şəmsi 1305-ci ildə, bəhmən və ya esfənd ayında dünyaya gəlib. Uşaqlıq və yeniyetməlik illərini Şiraz şəhərində keçirib və ilkin təhsilini Ağababaxan mədrəsəsində başlayıb.

O, gənclik illərində, təxminən hicri-şəmsi 1324-cü ildə yəni 24 yaşlarında Qum Elmi hövzəsinə daxil olub. Onun elmi şəxsiyyəti əsasən iki böyük ustadın yanında formalaşıb. Fiqh və üsul elmində Seyid Məhəmməd Mühəqqiq Damad və fiqh dərslərində iştirak etdiyi Seyid Hüseyn Bürucerdi kimi böyük şəxsiyyətlərin yaninda formalaşmışdır. Əlbəttə, digər alimlərin elmindən də bəhrələnib, lakin onun əsas elmi bünövrəsi məhz bu iki böyük alimin sayəsində formalaşıb.

Hicri-şəmsi 1329-cu ildə Nəcəfə yollanıb və təxminən iki il həmin müqəddəs hövzədə yaşayıb. Orada da Seyid Möhsin Həkim və Əbulqasim Xoyi kimi böyük alimlərin dərslərindən istifadə edib. İki ildən sonra hava şəraiti və yaşayış çətinlikləri səbəbindən yenidən Quma qayıdaraq əvvəlki elmi fəaliyyətini davam etdirib.

Fəlsəfə və kəlam sahəsində isə təxminən beş il Məhəmmədhüseyn Təbatəbainin dərslərində iştirak edib və “ Əl-Əsfar əl-Ərbəə əsərinin tədrisi ” dərslərinə qatılıb. Bundan əlavə, onun göstərişi ilə “Əl-Mizan” təfsirinin birinci cildini fars dilinə tərcümə edib.

İndi qeyd etmək istədiyim əsas məsələ onun həyatındakı mühüm xüsusiyyətlərdən biri “yenilikçilik və təşəbbüskarlıq” ruhudur. İlahi nemətlər çoxdur, Allah insana anlayış və hafizə bəxş edir. Lakin daha az insana verilən xüsusiyyət yenilikçilik və yaradıcılıq ruhudur.
 

Allah-Taala məhz bu neməti ona bəxş etmişdi. Əvvəlki alimlərin əsərlərinə nəzər saldıqda görürük ki, yalnız təkrar xarakteri daşıyan əsərlər daha az qalıcı olub. Lakin yenilikçi və yaradıcı xüsusiyyətə malik olan əsərlər həm qalıcı olub, həm də yeni bir yol açıb.

Yadımdadır ki, həmin dövrdə o, “Yaradanın tanınması”ndan başlayaraq “Məad” mövzusunadək fars dilində “İnsan və dünya” adlı etiqad silsiləsini qələmə aldı. Mövcud etiqadi kitablar əsasən qədim fars dili və ya ərəb dilində idi və yeni nəsil üçün o qədər də yararlı sayılmırdı. Əlbəttə, həmin əsərlərə və onların hörmətli müəlliflərinə ehtiramımız sonsuzdur, lakin etiraf etmək lazımdır ki, onlar dövrün ehtiyaclarına tam cavab vermirdi.

Ayətullah Məkarim Şirazinin ilk böyük təşəbbüslərindən biri İslam əqidəsini yeni nəslin anlaya biləcəyi sadə və axıcı fars dili ilə tam şəkildə qələmə alması idi. Bu əsər qısa müddətdə cəmiyyətdə özünə geniş yer açdı.

Onun yenilikçi ruhunun digər nümunələrindən biri də məktəblərin və elmi mərkəzlərin təsisidir. Bu mərkəzlər uzaqgörənliklə inşa edilmişdi ki, gələcək nəsillər və sonrakı əsrlər də onlardan faydalana bilsin. Bu da qalıcı xidmət və bir növ yenilikçilik nümunəsidir.

Onun hövzə və inqilab sahəsindəki xidmətləri də hamıya məlumdur. İran İslam Respublikasının Konstitusiyasının bərpa edilməsində mühüm rol oynayıb. Mən özüm həmin iclaslarda iştirak etmişəm və yaxşı xatırlayıram ki, mərhum Məhəmməd Hüseyn Beheşti ilə yanaşı, o da həmin heyətin ən təsirli simalarından biri idi.

Həmçinin onun “Təfsiri-Nümunə”nin yazılmasındakı böyük rolunu da kiçiltmək olmaz. Bu təfsir cəmiyyətin gənc nəslin sual və ehtiyaclarına uyğun, sadə və fars dilində yazılmış təfsirə ehtiyac duyduğu bir dövrdə qələmə alınıb.

“Əl-Mizan təfsiri” çox böyük və qalıcı bir əsərdir, lakin ərəb dilində yazılıb. Ayətullah Məkarim Şirazinin yenilikçi təşəbbüsü bu oldu ki, həmin böyük əsərdən və digər mənbələrdən ilham alaraq təxminən on beş il ərzində hərtərəfli və müasir bir təfsir hazırladı. Sonralar bu təfsir ərəb dilinə də çevrildi və bu gün hətta ərəb dilli müəlliflər də ona müraciət edirlər.

Allah-Taala ona çoxsaylı tövfiqlər nəsib edib. Hazırda o, bərəkətli ömrünün təxminən bir əsrini arxada qoyub. Çünki hicri-şəmsi 1305-ci ildə dünyaya gəlib və indi hicri-şəmsi 1405-ci ildəyik.

Onun əsərlərinə nəzər saldıqda görürük ki, demək olar ömrünün hər ili müqabilində bir kitab və ya risalə yadigar qoyub.

  «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ»

“Bu, Allahın istədiyi kimsəyə verdiyi lütfüdür. Allah böyük lütf sahibidir.” (Hədid surəsi 21-ci ayə)

Uca Allahdan diləyirik ki, onun və digər ali təqlid mərcələrinin, eləcə də Elmi hövzənin böyük alimlərinin vücudunu İslam və müsəlmanlar üçün qorusun, Elmi hövzələri və ölkəmizi hər cür bəla və təhlükədən amanda saxlasın.

Allahın rəhmət və bərəkəti sizin üzərinizə olsun.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha